Həzrət Məhdinin (ə.c.)hökumətinin xüsusiyyətləri

Həzrətin hökuməti idarə üsulundan nümunə

Mətləbin aydın olması üçün diqqətinizi Həzrət Məhdinin (ə.c.) hökumətinin üsulundan bir neçə nümunəyə cəlb edirik ki, onların hər biri Həzrətin rəftarının bir cilvəsidir.

Tövhid (təkallahlıq) və xalis İslam dini

İmam Sadiq (ə) Həzrət Məhdinin (ə.c.) hökuməti dövründə İslam dininin bütün sahələrinin geniş surətdə aşkar olması barədə buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) İslam dininin bütün sahələrini aşkar edəcəkdir.»

«Həzrət Məhdi (ə.c.) qiyam edən zaman yer üzündə elə bir məkan qalmayacaq ki, orada Allahın birliyinə və Məhəmmədin (s.ə.v.s.) peyğəmbərliyinə şəhadət verilməsin.»

Daha mühümü odur ki, o dövrdə həqiqi İslam dini aşkar şəkildə icra olunacaq və Həzrət Məhdi (ə.c.) həqiqi İslamı aşkar edəcək (xürafatları məhv edəcək, unudulmuş hökmləri həyata keçirəcək və s.-red). Çünki tarix boyu İslam elmlərinin çoxu nadanların və xeyir güdənlərin əli ilə əks formada tanınmışdır. Müaviyə ilə Həzrət Əli (ə) hər ikisi İslam iddiaçısı idilər. Lakin görək Həzrət Əli (ə) İslamı ilə Müaviyə İslamı bir idimi? Bununla əlaqədar, İmam Sadiq (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) zühur edən zaman, özü ilə təzə hökm, təzə kitab və təzə qayda-qanun gətirəcək.»

Yə᾽ni İslam dinini xürafatdan və nadürüst təfsirlərdən elə təmizləyəcək ki, xalq o Həzrətin təzə din və Qur᾽an gətirdiyini güman edəcəkdir.

O Həzrət yenə buyurmuşdur:

«And olsun Allaha! Dinlər arasındakı ixtilaflar aradan qaldırılacaq və bütün dinlər bir din üzərində formalaşacaq.»

Ədalət, əmin-amanlıq və bolluq

Həzrət Məhdinin (ə.c.) əzəmətli hökuməti dövründə yer üzü ədalət və əmin-amanlıqla dolacaqdır; Allahın ne᾽mətləri hər yeri bürüyəcəkdir.

İmam Sadiq (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) qiyam edən zaman, hökumətini ədalət üzərində quracaq, zülm və sitəmi aran qaldıracaqdır. Onun hakimiyyəti dövründə yollar tə᾽mir olunacaq, yer üzü öz bərəkət və sərvətini aşkar edəcək, hər kəsin haqqı özünə çatacaq. O həzrət xalq arasında Davud (ə) və Məhəmməd (s.ə.v.s.) kimi hakimlik edəcək. Həmin dövrdə yer öz sərvət və bərəkətini zahir edəcək. Belə ki, siz sədəqə (ehsan) vermək üçün pul xərcləməyə yer tapmayacaqsınız.»

Həzrəti Əli (ə) buyurmuşdur:

«O dövrdə yağış çox yağacaq, yer öz bərəkətini aşkar edəcək, ürəklərdən kin boşalacaq, heyvanlar və yırtıcılar aram olacaq. Belə ki, İraq və Şam arasıyla tək-tənha yol gedən qadın, zənbilini başına qoyaraq yerisə belə, heç bir yırtıcı heyvan yol boyu ona toxunmayacaq.»

Elmi - texniki inkişaf

Həzrət Məhdinin (ə.c.) hökumətinin üstünlüklərindən biri də, həmin dövrün elmi- texniki inkişafıdır.

İmam Sadiq (ə) buyurmuşdur:

«Elmin iyirmi yeddi şö᾽bəsi vardır. Allah peyğəmbərlərinin bu vaxta qədər gətirdiklərinin hamısı iki şö᾽bədən artıq deyil və xalq indiyə qədər yalnız onun iki şö᾽bəsini tanımışdır. Həzrət Məhdi (ə.c.) qiyam edən zaman, elmin iyirmi beş şö᾽bəsini aşkar edəcək, xalq arasında onları yayacaq və bu iki şö᾽bəsini də təkmilləşdirmək üçün bunlara əlavələr edəcək.»

İmam Sadiq (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) qiyam edən zaman, Allah-taala bizim tərəfdarlarımızın göz və qulaqlarına elə güc verəcək ki, imamla onların arasında qasid olmayacaq. İmam danışrkən onlar eşidəcək və onun özünü görəcəklər. Bir halda ki, imam öz məkanında, onlar isə dünyanın başqa nöqtəsində olacaqlar.»

Həzrət Məhdinin (ə.c.) dövründə tə`lim-tərbiyə

Həzrət Məhdinin (ə.c.) ilahi hökuməti dövründə əxlaq, mədəniyyət və xalqın ictimai, fərdi əlaqələri elə bir səviyyəyə yüksələcək ki, İmam Sadiq (ə) bu barədə hətta belə buyurmuşdur:

«Həzrət Məhdinin (ə.c.) hakimiyyəti dövründə xalq o qədər hikmətli və gözüaçıq olacaq ki, qadın öz evində Qur᾽an və Peyğəmbərin sünnəsinə əsasən hökm verəcək.»

Əkinçilik və iqtisadi inkişaflar

Mə᾽sum imamlarımızdan (ə) Həzrət Məhdinin (ə.c.) hökuməti barədə belə nəql olunmuşdur:

«Onun hökuməti şərq və qərbi əhatə edəcək. Yerin xəzinələri ona aşkar olacaq və yer üzündə elə bir viranəlik olmayacaq ki, abadlaşdırılmasın.»

İmam Baqir (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) Kərbəlada İmam Hüseynin (ə) məqbərəsi arxasında elə bir çay saldıracaq ki, o çay Nəcəf şəhərinə qədər uzanacaq. Onun üstündə, neçə-neçə körpü və səd, çayın kənarında isə bir neçə dəyirman tikdirəcək.»

Sonra isə belə buyurdu:

«Sanki, qoca bir qarını görürəm ki, buğda ilə dolu zənbilini başına qoyub, bu dəyirmanların birinə aprır. O, öz buğdasını dəyirmanda pulsuz üyüdüb evinə aparır.

Yolların genişlənsi, din mərkəzi və şəhərləri genişləndirməsi

Geniş yollar və şəhər salma və yaşayış mühitini qorumaq üçün hündür binaları alçaltmaq da Həzrət Məhdinin (ə.c.) ədalətli hökumətinin planlarından biridir.

İmam Baqir (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) qiyam edən zaman Məhəmməd (s.ə.v.s.) peyğəmbərin dövründə olduğu kimi, bütün məscidlərin divarları alçaq olacaq. O Həzrət təxminən iyirmi metr enində geniş yollar saldıracaq, yol qırağında gəliş-gedişə mane olan məscidləri sökdürəcək, yola tərəf açılan qapı və pəncərələri bağlatdıracaq, habelə xalqın gediş-gəlişinə mane olan tikintiləri sökdürəcək.»

İmam Sadiq (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) qiyam edəndən sonra Kufə şəhərində min qapılı bir məscid tikdirəcək. Kufənin evləri genişlənərək Kərbəla çayına bitişəcək. Kufədə cümə namazı Həzrət Məhdinin (ə.c.) rəhbərliyi altında o qədər izdihamlı olacaq ki, insanlar ən sür᾽ətli miniklərlə özlərini namaza çatdıracaq, lakin izdihamın səbəbinə cümə namazında iştirak etməyə nail olmayacaqlar.»

Həzrət Sahibəzzamanın (ə.c.) hökumətinin əzəməti

Həzrət Məhdi (ə.c.) və onun cahanşümul hökumətinin iqtidarı o qədər əhatəli və əzəmətlidir ki, onu təsəvvür etmək qeyri-mümkündür. Bu dövlətə əzəmət gətirən bu dörd ünsürsür:

–Qeybi yardımlar;

–Həzrətin (ə.c.) qüdrət və kamilliyi;

–Cavan nəsil;

–Yüksək elmi inkişafa zəmin yaradan böyük imkanlar.

Həzrət Məhdinin (ə.c.) hakimiyyəti dövründə qeybdən gələn köməklər barəsində bir çox kəlamlar qeyd olunmuşdur. Burada diqqətinizi iki mühüm hədisə cəlb edirik.

Həzrət Baqir (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) qiyam edən zaman, Allah ona beş min nəfərdən ibarət xüsusi mələklə kömək edəcək. Cəbrayıl onun öndə və Mikayıl sağ tərəfilə hərəkət edəcək. Habelə, başqa müqərrəb mələklər də, Həzrət Məhdinin (ə.c.) ətrafında olacaqlar.»

İmam Sadiq (ə) buyurmuşdur:

«Bütün işlərin ixtiyarı Həzrət Məhdinin (ə.c.) əlinə keçdikdən sonra, Allah-taala yerin bütün çökəkliklərini onun üçün hündür, bütün hündürlüyünü isə alçaldacaq.»(Sanki bütün dünya Onun məhzərində olacaq, hər yerə nəzarət edə biləcək-red.)

Həzrət Məhdinin (ə.c.) qüdrəti haqqında qeyd olunan daha bir rəvayətə diqqət yetirək:

Rəyyan ibni Səlt imam Rzaya (ə) ərz etdi:

«Əmr sahibi sənsənmi?.»

Həzrət onun cavabında buyurdu:

«Əmr sahibi mənəm. Lakin zülmlə dolmuş yer üzünü ədalətlə dolduran o əmr sahibi mən deyiləm. Gördüyün bu zəif bədənimlə necə o əmr sahibi ola bilərəm? Həzrət Məhdi (ə.c.) elə bir şəxsdir ki, qoca yaşında qüvvətli bir cavan simasında qiyam edəcək. Həzrət Məhdi (ə.c.) o qədər güclüdür ki, əgər yer üzündə ən böyük ağaca belə əl atsa, onu kökündən qoparar. Dağların arasında nə᾽rə çəksə, böyük daşlar dağlardan qopub tökülər. Musanın (ə) əsası, Süleymanın (ə) üzüyü onun əlindədir. O, mənim dördüncü övladımdır. Allah onu xalqın gözündən qeybə çəkəcək. Sonra onu aşkar edib, zülmlə dolmuş yer üzünü onun vasitəsilə ədalətlə dolduracaq.»

Cavan qüvvələr barəsində isə Həzrət Əlinin (ə) bu hədisini oxuyaq:

«Həzrət Məhdinin (ə.c.) dostlarının hamısı cavandır; qoca çox azdır, gözdəki sürmə, yeməkdəki duz kimi.»

Böyük İslam dövlətinin əzəməti, yüksək imkanları haqqında onu əlavə edə bilərik ki, müsəlmanların iqtisadi, siyasi və coğrafi imkanları o Cənabın əlində olacaq.

Sözün qısası, Həzrət Məhdinin (ə.c.) vilayət və hökuməti bütün geniş imkanları ilə, qeybdən gələn yardımlarla misli görünməmiş bir dövlətə çevriləcəkdir.