İNTİZAR

İmamın özünü xalqa tanıtmadığı qeybəti-kübra dövründə islam məsələləri barədə dərin biliyə malik olan ləyaqətli fəqihlər xalqın və islam cəmiyyətinin məsələlərini həll edir, xalqın din və dünyasını nəzərə alaraq mə`sum imamın zühuru üçün zəmin yaradırlar. Bu dövrdə xalqın hamısı intizardadır, lakin bu, o demək deyildir ki, imamın zühuruna imkan yaratmaq üçün çalışmayıb hərəkətsiz qalsınlar. Gözləyən insan ümidvar, hərəkətli, bilikli, mö`min, imama e`tiqad bəsləyən və nəhayət imamın zühuru üçün zəmin hazırlayan bir insandır. Belə bir insan eynilə dağın zirvəsinə çıxmaq üçün çalışan və bu yolda zəruri olan hər bir şeyi qabaqcadan hazırlayan bir alpinistə bənzəyir. Dağın zirvəsinə çatmaq istəyən bir insan xəyallarla və əl-qolunu üst-üstə qoyaraq oturmaqla hədəfinə yetişməz. Bu intizarın nəticəsində insan hərəkət, çalışmaq, güc, düşüncə və yeniliklər əldə edir. Əgər bu əhəmiyyətli prinsip cəmiyyətdə mövcud olmasa, insanlar hərəkətsiz, ümidsiz olaraq parlaq bir gələcəyi gözləməzlər.

İslamda intizar üsulu din və məzhəbin ayrılmaz bir hissəsidir. Bu üsul parlaq bir gələcəyin, ictimai ədalətin tam şəklidə həyata keçiriləcəyi müjdəsini verir. Bu məqsədə çatmaq üçün öz ardıcıllarını elə yetişdirir ki, qaranlıqlarla, zülmlə, dəccallarla, süfyanlarla döyüşüb öz daimi hərəkətlərilə vahid dünya hökumətini tə`sis etmək üçün zəmin yaratsınlar və nəhayət Allahın və`d etdiyi bu şəxs olan imam Mehdi (ə.f.) islamın bütün hədəflərini həyata keçirəcəkdir, inşallah.