MÜNTƏZİR
(hekayə)

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

Müntəzir sübh namazını qılıb qurtardıqdan sonra bir müddət dua etməyə məşğul olmuş, sonra isə Qur`anı götürüb ehtiramla öpərək açmış, aram-aram oxumağa başlamışdı:

Bismillahir Rəhmanir Rəhim. İza ca`ə nəsrullahi vəl fəth. Və rə`əytənnasə yədxulunə fi dinillahi əfvacə. Fəsəbbih bi həmdi rəbbikə vəstəğfirhu, innəhu kanə təvvabə.

O, bu mübarək «Əsr» surəsini oxuduqca diqqət edir, ayələrin və kəlmələrin mə`nasını zehnində canlandırırdı: «Rəhman və Rəhim olan Allahı adı ilə. (ya Peyğəmbər!) Allahı köməyi və zəfər gəldiyi zaman; insanların axın-axın Allahın dininə daxil olduqlarını gördün. Bəs, Rəbbini həmd-səna ilə təqdis et və ondan bağışlanma dilə. Həqiqətən O, tövbələri qəbul edəndir»

O, bu ilahi ayələrin üzərində düşündükcə ruhən yüngülləşir, ümid dolu bir gələcəyin eşqilə yaşayırdı.

Axırəzzaman dövrünün fitnə-fəsadları, camaatın öz xaliqlərini tərk edərək iblisvari şəxslərin ardınca düşmələri onun qəlbini çox narahat edir, ruhunu sıxırdı.

O da bir çox dindar dostları kimi və`d edilmiş İmamın yolunu gözləyirdi. Gecə-gündüz daim onu düşünər, namazlarının qunutunda Allah taalaya dua edərdi:

«Ahummə kun li vəliyyikəl Huccət İbnil Həsən, salavatukə ələyhi və əla abaih. Fi hazihissaəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv`a və tumətti`əhu fiha təvila».

Bununla da ürəyi aram olmaz, özündə imamıyla bağlı vəzifələr düşünərdi. O, İmam Məhdiyə aid kitabları mütaliə edər, axırəzzamanda İmamın zuhurunun intizarını çəkənlərin nə etməli olduqlarını öyrənməyə çalışardı. Dostlarla yığışarkən İmamdan söz açar, oxuduqlarını onlara da danışar, bu zaman bə`zən coşar, bə`zən susar, bə`zən də kədərə dalar, gözləri yaşarardı...Cümə günləri yetişdikdə həyəcanlanar, İmamın belə mübarək gündə zühur edəcəyini bəyan edən hədisləri xəyalında canlandırardı. Ancaq, bu cümənin də keçən cümələrdən fərqlənmədiyini gördükdə onu hüzn bürüyər, qəlbinin dərinliklərini çox vaxt dinlədiyi nəğmə bürüyərdi: ...Gəldi bu cümə də, gəlmədin sən.

Lakin, Müntəzir ümidsiz olmaz, əli işdən soyumazdı. O, başa düşürdü ki, ümumdünyanı əhatə edəcək bir çevrilişin baş verməsinə zəmin lazımdir. Bunun üçün fərdi, ictimai və bu kimi neçə şəraitin, hazırlığın olması lazımdır, intizar iddiasında olanların mə`nən saflaşması lazımdır... Bəli, Müntəzir bütün bunları düşünür, hal-hazırda Allahın və Onun xəlq etdiyinin boynunda olan haqlarının yerinə yetirilməsinin zəruriliyini anlayırdı.

O, səcdəyə getmişdi. «Allahummə ərrifni nəfsək, fə innəkə in ləm tuərrifni nəfsək, ləm ə`rif nəbiyyək. Allahummə ərrifni rəsulək, fə innəkə in ləm yuərrifni rəsulək, ləm ə`rif huccətək. Allahummə ərrifni huccətək, fə innəkə in ləm tuərrifini huccətək, zələltu ən dini»- hüznlü səsi səhərin dərin və mə`nalı sükutunu sındırır, kainatın dərinliklərində qeyb olurdu.

Bu duanı o, hər namazdan sonra oxuyardı. Kitablarda oxumuşdu ki, bu dua insanın imanını hifz edir. Oxumuşdu ki, zühura yaxın bir çoxları imanlarını itirəcək, axırgzzaman fitnə-fəsadlarının qurbanı olacaq. Ona görə də bu haq yolda sabitqədəm qalmaq üçün Allahdan ona özünü, Peyğəmbərini və İmamını tanıtmağı xahiş edirdi.

Səcdədən duraraq pəncərəyə sarı boylandı Hava işıqlanmış, ancaq hələ günəş çıxmamışdı. Quşlar artıq yuxudan oyanmış, cik-ciklə öz Rəbblərindən bu günün ruzusini istəyirdilər. Ağır-ağır yerində duraraq eyvana çıxdı. Quşlar sevinclə dəstəylə o yan-bu yana uçuşurdular. «Necə də şəndirlər! Necə də azad uçuşurlar! Dünya dərd-qəmindən azaddırlar. Bu günün ruzisini istəyir, yeyib şükr edir, səhərin dərdini çəkmirlər. Biz, biz isə ümid zəncirlərini günah və üsyan baltası ilə sındırmış, özümüz-özümüzü çıxılmaz giriftarlıqlara düçar etmişik. Bizdən əcəb məxluqatın ən şərəflisi çıxar!!! Biz vətənini unutmuş əsl xainlərik! Azacıq çətinliklər bizi öz təbii halımızdan xaric edir. Hər əsən küləyə tərpənir, hər havaya oynayırıq, Hövsələsizlik ucbatından halal ruzu yolunu üzərimizə bağlayır, hərisliklə haram buyurulmuş yollara üz tuturuq. Güman edirik ki, xeyir əldə etmişik. Adını da qoyuruq, zirəklik! Ah... yazıqlar olsun» – deyə öz-özünə fikirləşərək gözlərini yumur qəlbən, ruhən öz həqiqi məhbubuna bağlanırdı.

Səhərin bu gözəl, təmiz havasında ürəyinə düşdü ki, gedib bir az meşəni dolaşsın.

Yol boyu gördüyü mənzərələr, hər şey, hər şey ona gözəl görünürdü. Səhərin mehi öz lətif əllərilə gül-çiçəyin başına sığal çəkdikcə onlar nazla sağa-sola hərəkət edirdilər. Səhərin bu yolçusu isə onların başına sığal çəkən əsl əli düşünür, onun qüdrətinə heyranlığını gizlədə bilmirdi...

Dilinin virdinə çevirdiyi «ya Sahibəzzaman ədrikni və la tuhlikni» cümləsini təkrar edə-edə çaya yan aldı. Hələ də səssizlikdi. Deməli gözəl fürsət idi. Heç kəs onun suyun şırıltısına qulaq asmasına mane ola bilməzdi. O, çayın kənarında olan daşın üzərində əyləşmiş, suya tamaşa edirdi: Necə də lətifdir su! Görəsən sudan da lətif bir şey varmı?–deyə fikirləşir, sonra da öz-özünə cavab verirdi: Bəli, insan ruhu. Axı ruh çox lətifdir! Yadına gəlirmi, kitabda oxudun ki, Peyğəmbərimizin ruhunun lətifliyi hətta cisminə də sirayət etmişdi. Belə ki, o Həzrətin kölgəsi yerə düşmürdü. Sanki günəş qarşısında maddi bir maneə görmürdü ki, kölgəsini yerə salsın. Saf şüşə kimi, yox, ondan da saf. Bə`zən bir çox şeyləri heç sözlə də bəyan etmək olmur. Yadından çıxmayıb ki, ilahi arif həzrət ayətullah seyyid Əli Qazi Təbrizinin ömrünün sonlarına yaxın suya nəzər salması ilə imam Hüseyn yadına düşərək ağlaması?! Çox lətifləşmişdi o! Eh! İndi bizim ruh kasamızı dəyərsiz şeylər doldurmuşdur. Nəcis qaba bal-süd töksən onları da nəcis edəcəkdir. Biz hansı karvandanıq qardaş?

Ovuclarını dolduraraq üzünə bir-iki ovuc sərin su vuraraq başını dikəltdi. Səhərin bərəkətli vaxtında başqaları yuxudaykən, o, meşəyə tərəf yol aldı. Meşənin ətəyi elə demək olar ki, çaya bitişik idi.

Meşə gözəldi, çox gözəl idi. Ağaclar hər tərəfi tutmuş havası tər-təmiz, hələ quşların səsini demirəm. Hərəsi bir tərəfdə budaqda əyləşərək öz nəğmələrini ucaltmışdır.

Müntəzir ağacların içi ilə meşənin uca yerinə doğru irəlilədi. Yaşıl otlar təvazökarlıqla şərəfli adəm övladının qədəmləri altında əyilirdi. Niyə də belə olmasın.?! Axı bütün mövcudlar insan üçün, onun kamala yetişməsi üçün xəlq edilmişdir!

Dayandığı yerdən ətraf yaxşı müşahidə olunurdu. Səmanın gün çıxan tərəfi nura qərq olmuşdu. Artıq günəşin ilk şüaları görünürdü. Bir az keçmiş, günəş dağların bir qarış hündürlüyündə tamamilə görünürdü.

O, diqqətlə günçıxana baxırdı. Diqqətlə baxırdı. Görəsən indi nə fikirləşirdi? Gözlərini qırpdıqda göz yaşları üzünə süzüldü. Qardaşının şe`ri yadına düşmüşdü:

Hər gün doğur gün yenidən

Bizim günəş oyanmazmı!

Yenə yadına İmam Zaman düşmüşdü, İmamı. İlahinin yer üzündəki son Höccəti, Peyğəmbər övladı, on ikinci imam, bütün peyğəmbərlərin hədəfini həyata keçirəcək şəxs! Həzrət Məhdini (əc.) xatırlamışdı, əslində imam daim fikrində idi. Zahirdə mö`minlərə xas təbəssüm etsə də, diqqətlə baxdıqda daxili hüznü gözlərində sezmək olurdu. O, özünü ata-anlı yetim bilirdi; atasını qeyb etmiş uşaq. İnsanın dünyaya gəlməsinə vasitə olan ata-ana insana yalnız bu müvəqqəti həyatı bağışlayırsa, yer üzünün höccəti hər iki dünya xoşbəxtliyinin əsl səbəbkarıdır. Dodaqaltı zümzümə etdiyi şe`rin davamını özü söyləyirdi:

Yenə gəlmiş bahar fəsli

Baharımız qayıtmazmı!

Bəli o, hər baharda əsl baharın qayıtmasının intizarında idi. Müntəzir idi ki, ədalət baharı gəlib zülm buzlarını əritsin. Qəlblərində Antarktida buzları olan, daim üşüyən insanları görmürsənmi...

Hardasan, yer üzünün sahibi!

Hardasan, ey insanlar ümidi!

Gəl ey və`d edilmiş son xilaskar,

Gəl ki, fitnələr olmuş aşikar.