Əsrin imamı ilə əlaqədar on beş suala cavab

Həzrət Məhdi (ə.c.) haqqında verilən suallar çoxdur. Biz bütün bu sualların içərisindən daha mühüm olan on beş sualı seçir və onlara qısa şəkildə cavab veririk:

Sual 1: Qur᾽anda İmam Məhdi Sahibəzzamanla (ə.c.) bağlı ayələr varmı?

Cavab: Bəli. Qur᾽anda bir çox ayələrdə buna işarə edilmişdir. Mə`sum imamlardan bizə yetişən çox saylı rəvayətlərə əsasən, o ayələrin təvili, yəni batini mənası İmamın (ə.c.) hökumətinə işarə edir.

«Qəsəs» surəsinin 5-6-cı, «Nur» surəsinin 56-cı və «Ənbiya» surəsinin 9-cu ayələrini buna misal gətirmək olar.

Nümunə üçün, «Qəsəs» surəsinin 5-ci ayəsində oxuyuruq:

«Biz zəiflədilmiş kəslərə nemət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik.»

Bu ayənin zahiri mənası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mənası həzrətin (ə.c.) hökumətinə işarədir.

Həzrət Əli (ə) buyurmuşdur:

«Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədilmişlərdən məqsəd, biz Əhli-beytik. Allah bu nəslin Məhdisini (ə.c.) göndərərək, onlara izzət, düşmənlərinə isə zillət bəxş edəcəkdir.»

Nəhcül-bəlağə kitabında da, bu mətləbə işarə olunmuşdur. Həzrət Əli (ə) bu kitabda buyurmuşdur:

«Dünya, fitnə-fəsadlardan sonra dəvə öz sağıcısına süd vermədiyi və onu öz balasına saxladığı kimi bizə tərəf meyl göstərəcək.»

Sonra isə qeyd olunan ayəni oxudu.

Sual 2: Zühura etiqad yalnız şiələrə məxsusdur?

Cavab: Bu əqidə təkcə şiələrə və yaxud digər müsəlmanlara aid deyildir. Demək olar ki, bütün dinlərdə, axırəzzamanda zühur edərək dünyaya nicat verəcək bir islahediciyə etiqad bəslənir.

Qur᾽anda da bir çox ayələrdə (124 ayədən çox–red.), bu mətləbə işarə olunmuşdur. «Ənbiya» surəsinin 105-ci ayəsində oxuyuruq:

«Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün hakimi olacaq

Bu əqidə hətta Tövratda, İncildə, hindi və zərdüştlük kitablarında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.

Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdarlarından bir qrupu o Həzrətin hüzurunda ikən, ondan dünyanın axırının necə olacağı barədə soruşdular. Həzrət İsa (ə) onların cavabında buyurdu:

«Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlar üçün Allahın höccəti olacaq. O, yer üzü zülm və sitəmlə dolduqdan sonra qiyam edəcək və dünyanı haqq-ədalətlə bəhrələndirəcək. Mən o həzrətin zühurundan sonra göydən yerə enəcəyəm və mənim zühurum qiyamətin başlanmasının əlaməti olacaq.»

Sual 3: Beş yaşlı uşaq necə imam ola bilər?

Atası imam Həsən Əsgəri (ə) vəfat edən zaman həzrət Məhdinin (ə.c.) beş yaşı var idi. Necə ola bilər ki, beş yaşlı uşaq imam olsun?

Cavab: Bu sualın cavabı izahlı şəkildə az yaşlı imam ünvanında «İmam Cavadın (ə) həyatına baxış» kitabında verilib. Sözün qısası budur ki, sonsuz qüdrət və hikmət sahibi olan Allah, imamət ləyaqətini az yaşlı bir uşağın vücudunda da yerləşdirə bilər.

zən dünyada, adi xalq arasında İbn Sina və Tomas Yonq kimi qeyri-adi fikri istedada malik olan az yaşlı uşaqlar da vardır ki, onların bir aydakı fikri inkişafı, başqalarının on ildəki fikri inkişafına bərabərdir. Buna görə də, bu iş qeyri-mümkün işlərdən sayılmır.

Həzrət Məhdidən (ə.c.) də əvvəl İmam Cavad (ə) və İmam Hadi (ə) də uşaq yaşlarında imamət məqamına yetişmişdilər. Peyğəmbərlər arasında isə, Həzrət İsa (ə) və Yəhya (ə) uşaq yaşlarında peyğəmbərlik məqamını əldə etmişdilər. «Məryəm» surəsinin 12 və 30-cu ayələrində bu mətləbə işarə olunmuşdur.

Sual 4: Həzrət Məhdinin (ə.c.) mübarək adını tələffüz etmək

Bir çox rəvayətlərə görə, Həzrət Məhdinin (ə.c.) mübarək adını İslam Peyğəmbərinin adı olan «Məhəmməd» adı ilə tələffüz etmək qadağan olunmuşdur. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar. Onun adını çəkmək haramdırmı? Haramdırsa, səbəbi nədir?

Cavab: Bu məsələ fiqhi bir məsələdir. Alim və fəqihlərin bəziləri rəvayətlərdə etdikləri axtarışlardan belə nəticəyə gəlirlər ki, imamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yoxdur.

Buna əsasən, naiblərindən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Məhdi (ə.c.) tərəfindən belə cavab gəldi:

«Əgər onlara adı söyləsəniz, onu aşkar edər, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar

Buna görə də, hətta imam Həsən Əsgəri (ə) özü də, ehtiyatlıq ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirirdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabələrindən bəziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı:

«Bu qoyun, oğlum Məhəmmədin qurbanlığıdır.»

Böyük alimlərdən Şeyx Müfid, Əllamə Hilli, Fazil Miqdad, Seyyid Mürtəza və Mühəqqiq kimi şəxslər öz kitablarında həzrətin (ə.c.) mübarək adının çəkilməsinin haram olmamaması barəsində geniş bəhs etmişlər. Şeyx Hürr Amilinin də, görüşü bununla müvafiqdir. Əllamə İrbili də ehtiyata ehtiyac olmadığı zamanda Həzrət Məhdinin (ə.c.) mübarək adınının tələffüz olunmasına icazə vermişdir.

Sual 5: Bir insan min ildən artıq yaşaya bilərmi?

İnsanın ömrünün son həddi demək olar ki, təqribən yüz iyirmi ildir. Bəs o Həzrət indiyədək, necə sağ qala bilmişdir?

Cavab: Elm və din nəzərindən uzun ömür sürməyin qeyri-mümkün olmaması sabitləşmişdir. Əgər Allah iradə edərsə insan hətta qiyamətəcən sağ qala bilər.

Təbiətşünasların nəzərincə, qocalığın və ölümün əsas səbəbi insanın düçar olduğu cismi xəstəliklərdir. Bəzi təbiətşünaslar belə deyirlər: İnsan üç yüz il yaşamalıdır, lakin onun bədən üzvlərinin zəifləməsi və bunun başqa üzvlərə sirayət etməsi nəticəsində, yetmiş yaxud, səksən il ömür sürür.

Alimlər bitki və həşəratlar üzərində apardıqları təcrübələr nəticəsində, bəzən onların ömrünü yüz illik adi ömür səviyyəsinə çatdırmışlar. Buna görə də, elm baxımından müstəsna insanların uzun ömür sürməsinin inkar edilməsinə bir dəlil yoxdur. Dini baxımdan da, bu məsələnin sübutu çox aydındır. Necə ki, məzhəbi tarixlər və dinlər İlyas (ə), Xızır (ə) və İsa (ə) kimi şəxslərin indiyə qədər yaşamasını, Loğman və Nuh kimi şəxslərin uzun ömür sürdüyünü bizə göstərir. Qur᾽anın aşkar bəyanına uyğun olaraq, elə təkcə həzrət Nuh (ə) 950 il peyğəmbərlik etmişdir. Rəvayətlərə görə Süleyman (ə) 712 il, Loğman (ə) 4 min, yaxud 400 il, Ad (ə) 3500 il, Adəm (ə) 930 il və Nuh (ə) isə 2500 il yaşamışlar.

Sual 6: Uzun müddətli qeybin nə faydası vardır?

Həzrət Məhdinin (ə.c.) yüz illər bizdən gizli yaşamasının və uzun müddət qeybət aləmində ömür sürməsinin nə faydası vardır?

Cavab: Onun qeybdə olmasına səbəbi bizik. Necə deyərlər əllərimiz qısa, xurma isə ağacın başında. Əgər o Həzrət xalqın onun gəlişinə hazır olmadığı bir vaxtda zühur edərsə, başqa imamlar kimi o Həzrət də, imamət məktəbinin ali məqsədlərinə çatmazdan əvvəl dünyadan köçər. Halbuki, Allah-taala özü onun zühurunu istəyir ki, yer üzünü haqq-ədalətlə doldursun və bütün övliyaların, peyğəmbərlərin məqsədlərini həyata keçirsin. Belə bir zühurun dərin və geniş bir hazırlığa ehtiyacı vardır.

Rəvayətlərə görə onun qeybdə olması, günəşin qara buludlar arxasında gizlənməsinə bənzəyir. Buludlar onun önünü kəssə də, o, öz nurunu bütün dünyaya çatdırır və insanlar onun nurundan, istisindən bəhrələnirlər. O Cənabın qeybdə olmasının fəlsəfəsini aşağıdakı üç bənddə xülasə etmək olar:

–Vəd edilmiş Məhdiyə (ə.c.) ümid bəsləmək, qəlbə rahatlıq verir və bizə onun intizarı ilə yaşamağı öyrədir. Belə bir ümid təhrikedici ümiddir;

–Həzrətin qeybdə olması və vilayəti-fəqihin onun tərəfindən canişinliyi, şiələrin pillə-pillə irəliləməsinə və onun zühuruna hazırlıq üçün əsas səbəbdir;

–Eyni zamanda, o Həzrət qeybdə olduğu vaxtda fəqihlərin, rəhbərlərin və haqqın yolunu gedənlərin güclü dayağıdır.

Həzrət Məhdinin (ə.c.) qeybdə olmasının səbəblərini araşdırdıqda, insan bu nəticəyə yetişir ki, günəş önündəki qara buludlar kimi maniələr o Həzrəti qeyb pərdəsi arxasında saxlayır. İnsan bu araşdırmada maniələri tanıyır və onların aradan qaldırılması üçün səy göstərir.

Sual 7: Dəccal və Süfyani kimdir?

Həzrət Məhdinin (ə.c.) zühurunun nişanələrindən biri də, Dəccal və Süfyaninin meydana çıxmasıdır. Bu iki nəfər Həzrətin qoşunu tərəfindən qətlə yetiriləcəklər. Onlar kimdir, haradadır və necə öləcəklər?

Cavab:zi rəvayətlərə uyğun olaraq, bir qrup yalançı şəxs, həzrət Məhdinin (ə.c.) qiyamı zamanı onun əleyhinə bayraq qaldıracaq. Dəccal və Süfyani adlı iki nəfər Şam və Fələstin məmləkəti tərəfindən zahir olacaqlar. Bu iki nəfər İmam əleyhinə üsyan edəcək həqiqi tağutdur.

Dəccal öz hiylələri ilə xalqın bir hissəsini ətrafına toplayıb, İslamın əleyhinə qiyam edəcək. Həzrət Əli (ə) bir xütbəsində buyurur:

«Məhdi (ə.c.) öz qoşunu ilə Məkkədən Beytül-müqəddəsə gələcək. Dəccal və onun qoşunları ilə müharibə edəcək və onları məhv edəcək.»

zi rəvayətlərə görə Dəccal yaxalanıb, «Künaseyi-Kufə» məhəlləsində dar ağacından asılacaq. Onun tərəfdarlarının əksəriyyəti, Ərazil, Övbaş, digər soylardan və zinazadələrdir.

İsa peyğəmbər (ə) Həzrət Məhdinin (ə.c.) köməyinə gələcək, Dəccalın qətlində iştirak edəcək və insanları onun fitnəsindən xilas edəcək.

Süfyani özünü müqəddəs cilvədə nümayiş etdirərək, meydana çıxan başqa bir tağutdur. O, Ətəbət ibni Əbu Süfyanın nəslindəndir. Sifətinin rəngi sarıya çalan qırmızı rəngdədir. Süfyaninin cinayətləri daha artıq olacaq.

Məhəmməd peyğəmbər (s.ə.v.s.) buyurmuşdur:

«Süfyani qoşunları ilə Yabis səhrasından (Dəməşq şəhərinin ətrafı) Dəməşq şəhərinə daxil olacaq. İki qoşun təşkil edib, birini şərqə, o birisini isə Mədinə şəhərinə tərəf göndərəcək. Birinci göndərdiyi qoşun Bağdad və Kufə şəhərlərində böyük qətl və cinayətlərə əl atacaq. İkinci qoşun isə, Mədinə şəhərində üç gün-üç gecə qaldıqdan sonra Həzrət Məhdinin (ə.c.) qoşunları ilə döyüşmək üçün Məkkə şəhərinə tərəf hərəkət edəcək. Onlar «Beyda» səhrasına çatdıqda, Cəbrayıl (ə) Allahın əmri ilə yerə elə bir zərbə vuracaq ki, onlarin iki nəfərindən başqa, qalan hamısı yerə batacaq və məhv olacaq.»

Nəhayət, həzrət Məhdi (ə.c.) öz qoşunları ilə Kufədən Süfyaninin özünə mövqe seçdiyi «Beytül-müqəddəs» kənarına tərəf hərəkət edəcək. Müzakirə və danışıqlardan sonra həzrət Məhdi (ə.c.) ilə Süfyaninin qoşunları arasında müharibə baş verəcək. İmam Məhdinin (ə.c.) qoşunları qələbə çaldıqdan sonra yer üzü Süfyaninin və onun tərəfdarlarının natəmiz vücudunun şərindən təmizlənəcək.

Bə᾽zi rəvayətlərə görə, Süfyani imam Məhdinin (ə.c.) əli ilə yaxalanacaq, Həzrətin fərmanı ilə boynu vurulacaq və Beytül-müqəddəsə daxil olan məkanda bir daş üzərində tikə-tikə ediləcək.

Bunu da qeyd etmək lazımdır ki, müxalifət edənlərdən biri də, «Bətriyyə» qoşunu olacaq. On bir nəfərdən ibarət olan bu qoşun, Kufə yolu üstündə, həzrət Məhdinin (ə.c.) qoşunu ilə mübarizəyə qatılacaq və nəhayət həlak olacaqlar.

Sual 8: Böyük qüvvələrlə üz-üzə?

Dünya maddi imkanlar cəhətdən İslam düşmənlərinin əlindədir. Onların böyük iqtisadi qüdrətlərinin müqabilində necə böyük İslam hökuməti qurmaq olar?

Cavab: Həqiqət budur ki, dünyanın qüdrətli dövlətlərinin inkişaf amilləri müsəlmanların da ixtiyarında vardır. Əgər müsəlmanlar vəhdəti yaşatsalar hər şeyə nail olarlar.

Bəhsin geniş izahı: Böyük qüdrətlər arasında baş verən cinayətlər onları daxildən sarsıdacaqdır.

Bundan əlavə müsəlmanların imkanları müxtəlif cəhətdən yadların imkanlarından daha üstündür:

a) Həmkarlıq cəhətdən

Hal-hazırda bir milyarddan çox, yəni yer kürəsinin dörddə bir hissəsində müsəlmanlar yaşayır və əllidən artıq müstəqil dövlətlərə malikdirlər. Qeyri-islam dövlətlərin əksəriyyətində də, böyük qüvvə və cəmiyyətə malik olan müsəlmanlar yaşayır. Əgər bunlar həmkar olub, Qur᾽anın bayrağı altında bir yerə toplaşsalar, dünyada heç bir qüvvənin onların qarşısında dayanmağa cürəti olmaz.

Beynəlxalq aləmdə müsəlmanların əllidən çox rəyləri vardır. Əgər bunlardan hər biri başqa dövlətlərdən bir rəy əldə etsələr, yüz rəyə malik olarlar. Dünyada heç bir birləşmə bu qədər rəyə malik deyil.

b) İslam aləminin iqtisadi imkanları.

Müsəlmanların iqtisadi vəziyyəti bir həddədir ki, təkcə dünya yanacağının ən azı 40%-i müsəlmanlar tərəfindən təmin olunur.

Afrika qitəsinin yetmiş faizi müsəlmandır. Ora Avropanın barıt anbarı sayılır. Əgər bu anbar bağlanarsa, Avropa süqut edər. Məsələn, Yaponiyanın bir hissəsi İslam dünyasına bağlıdır; iki ay müddətində İslam dünyası ilə əlaqəsini kəsərsə, soyuq və qaranlıq bir adaya çevrilər. (Bir də ki, əziz oxucu yaxşı bilir, Allah qüdrəti qarşısında heç bir qüvvə tab gətirə bilməz-red.)

Sual 9: Rəcət

Həzrət Məhdinin (ə.c.) zühurundan sonra imamların, yaxşı və pis insanların bir qrupunun həyata dönərək əməllərinin mükafatını almaları fikiri nə dərəcədə düzgündür?

Cavab: Ölülərin dirilmə imkanı, İslam baxımdan qəti bir işdir. Necə ki, «Bəqərə» surəsinin 260-cı ayəsində həzrət İsanın (ə) Allahın izni ilə ölüləri diriltməsinə işarə edilmişdir.

Həzrət Məhdinin (ə.c.) zühuru zamanı imamlar bir-birindən sonra ardıcıl surətdə həyata qayıdacaq. Həyata ilk dönən imam İmam Hüseyn (ə) olacaq.

Əshabi-Kəhf, Malik Əştər və Miqdad kimi iyirmi yeddi nəfər ləyqətli insanlar diriləcək və Nəcəf şəhərində Həzrət Məhdinin (ə.c.) qoşunlarına qoşulacaq.

İmam Hüseyn (ə) şəhid olan zaman, yer-göy özünəxas halları ilə nalə çəkib dedilər: «Ey ulu Allah! Bizə izn ver, bütün məxluqatı həlak edək. Çünki bunlar sənin şərəfli bəndəni həlak etdilər. Allah taala onlara vəhy etdi: «Ey mələklər, yerlər və göylər! Aram olun.» Sonra isə qeyb pərdələrindən bir pərdəni arxaya çəkib, Həzrət Məhəmmədi (s) və on iki imamı onlara göstərdi. Bu vaxt onların içərisində həzrət Məhdini (ə.c.) göstərib, üç dəfə buyurdu: «İmam Hüseynin (ə) intiqamını bu şəxsin vasitəsilə alacağam.»

İmam Sadiq (ə) buyurmuşdur:

«Həqiqətən imam Hüseyn (ə) həzrət Məhdinin (ə.c.) ömrünün son anlarında rəcət edəcək və Məhdi (ə.c.) vəfat etdikdən sonra onun bədəninə qüsl verəcək.»

Sual 10: Həzrət Məhdinin (ə.c.) iqamətgahı və məskunlaşma mərkəzi.

Həzrət Məhdinin (ə.c.) məkanı haradadır? Həyat yoldaşı və övladları varmı? Zühur edən zaman haradan, nə vaxt və hansı gün zühur edəcək? Hökumətinin mərkəzi hara olacaq?

Cavab: Bu suallara cavabını hədislərə müraciət etməklə verə bilərik. Bəzi rəvayətlərə görə, o Həzrət hər il Həcc mövsümündə iştirak edir. Habelə, müxtəlif məkanlara xüsusilə də, imamların qəbri kənarına və digər müqəddəs yerlərə baş çəkir.

İslamın evlənməyə olan diqqətini nəzərə alsaq deyə bilərik ki, ailə qurmuşdur. Əhli-beytdən bizə yetişən dualarının bəzisində bu məsələyə toxunulmuşdur.

Rəvayətlərdə onun iqamətgahı barəsində bir neçə məkan qeyd olunmuşdur. Məsələn, Mədinə şəhəri, Hicaz səhrası, Rəzva dağı, Kərə (Yəmən şəhərinin bir kəndi) və əlçatmaz diyarlar. O cümlədən, rəvayət olunmuşdur ki, həzrət Məhdi (ə.c.) övladları ilə birlikdə dənizin çox böyük və geniş adalarının birində yaşayacaq.

Nəcəf əhli olan Əli ibni Mazandaraninin rəvayətinə görə, Həzrət Məhdi (ə.c.) öz dostları və övladları ilə birlikdə «Xəzra» adlı bir adada yaşayır.

Xəzra adası haqqında çoxlu bəhslər edilmişdir. Alimlərin bəzisi bir sıra dəlillərə əsaslanaraq belə güman edirlər ki, Xəzra adası yer üzünün ən qəribə və sirli məkanı, Atlantik okeanın qərb hissəsində yerləşən «Bermud üçbucağı»dır.

Bermud üçbucağının sirli əlamətlərindən biri budur ki, onun yaxınlığından keçən hər hansı bir gəmi və yaxud təyyarə yox olur.

Həzrət Məhdi (ə.c.) Məkkə şəhərində zühur edəcək, Kə`bə evinə söykənib xütbə oxuyacaq və üç yüz on üç nəfər orada o Həzrətə qoşulacaq.

İmam Sadiq (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) ilə beyət edən ilk şəxs Cəbrayıl (ə) olacaq.»

Redaktordan:

a) Alimlərin araşdırmalarına əsasən imamın ailə sahibi olması zəif ehtimaldan başqa bir şey deyildir. Bə`zi dualarda İmamın övlad sahibi olmasına işarə edilsə də onun zühurdan əvvəlki dövrə, yoxsa zühurdan sonrayamı aid olduğu aydın deyildir.

Bə`zi alimlərin nəzərincə bu məsələni bilməyin insanlara bir faydası olsaydı imamlar (ə) bu barədə sükut etməzdilər.

b) İmamın daimi məskunlaşdığı bir məkan yoxdur. O Həzrət işləri ilə əlaqədar olaraq müxtəlif məkanlarda müşahidə edilmişdir. Xəzra adası barədə nəql edilmiş hədisin həm sənəd silsiləsində, həm də məzmununda naqislik vardır (Bu barədə Ayətullah Əmininin «Ədalət Günəşi» kitabına müraciət edə bilərsiniz).

Sual 11: Həzrət Məhdinin (ə.c.) zühur əlamətləri nədir?

Cavab: O həzrətin zühur vaxtı məlum deyil. Bəzi rəvayətlərə görə, zühur əlamətləri müxtəlifdir.

Bu əlamətləri üç qismə bölmək olar:

–Ümumi əlamətlər, günahların çoxalması və dünyanın zülmlə dolması kimi. Bu əlamətlər həzrət Məhdinin (ə.c.) zühuruna yaxın deyil, zühurdan on il qabaq baş verən hadisələrdir.

–Həzrətin zühuruna yaxın olan əlamətlər. Məsələn, zühurdan iki, üç və ya dörd il qabaq baş verən hadisələr.

–Həzrət Məhdinin (ə.c.) zühuru zamanı baş verəcək hadisələr.

Bundan əlavə, bu əlamətlərin bəzisi aşkar, bəzisi isə gizlidir.

Həmçinin, gərək diqqət edək ki, həzrət Məhdinin (ə.c.) zühuru ilə qiyamının arasında fasilə vardır. Əvvəl zühur edəcək, sonra qiyam. Rəvayətdə deyilmişdir:

«Ramazan ayının iyirmi üçüncü gecəsində imam Məhdinin (ə.c.) adı ilə bir səs ucalacaq və aşura günündə qiyam edəcək.»

Ola bilsin ki, Ramazan ayının iyirmi üçüncü gecəsindəki nidadan məqsəd, Həzrətin zühurunun elan olunmasıdır.

Dəccal, Süfyani, Həsəni və Yəmaninin meydana çıxması Həzrət Məhdinin (ə.c.) zühurunun qəti əlamətlərindəndir.

Nəfsi Zəkiyyənin şəhadəti: Nəfsi Zəkiyyə Ali Məhəmmədin pak bir cavanıdır. Həzrət Məhdi (ə.c.) camaatdan kömək istəmək üçün onu Məkkə şəhərinə göndərəcək. O, Məkkədə İmamın xəbərini xalqa çatdırdıqdan sonra düşmənlər həmlə edib, onu günahsızcasına Həcərül-əsvədlə Məqami-İbrahimin arasında qətlə yetirəcək və başını bədənindən ayıracaqlar. Bu faciədən on beş gün sonra həzrət Məhdi (ə.c.) qiyam edəcək.

Sual 12: Həzrət Məhdinin (ə.c.) hakimiyyət illəri nə qədərdir?

Cavab: Həzrət Məhdinin (ə.c.) hökuməti barədə olan rəvayətlər müxtəlifdür. Nəql olunmuşdur ki, Həzrət, beş, yeddi, iyirmi, yetmiş və yaxud doxsan il hökumət edəcək.

Həmçinin rəvayətlərdə, həzrətin (ə.c.) üç yüz doqquz il hakimiyyətdə olması da bildirilmişdir.

İmam Baqir (ə) buyurmuşdur:

«Həzrət Məhdi (ə.c.) üç yüz doqquz il, Əshabi-Kəhfin öz mağaralarında yatdıqları qədər hökumət edəcək. Zülmlə dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq. Allah-taala yer üzünü şərqdən-qərbə onun tabeliyinə gətirəcək. O, düşmənləri məhv edəcək və yer üzündə yalnız İslam dini hakim olacaq.»

Sual 13: Həzrət Məhdinin (ə.c.) vəfatı necə olacaq?

Cavab: Həzrət Məhdinin (ə.c.) ömrünün sona çatması haqqında rəvayətlərdən nəticə əldə edərək belə cavab verə bilərik ki, imamların hamısı şəhid olaraq dünyadan getdiyi kimi o Həzrət də şəhid olaraq dünyadan gedəcəkdir. O cümlədən, İmam Hüseyn (ə) buyurmuşdur:

«And olsun Allaha, onun Rəsulu bizimlə belə əhd bağlamışdır ki, Həzrət Əli və Fatimə (ə) övladlarından on bir nəfəri imamət məqamına yetişəcək.»

Tarixə nəzər salsaq görərik ki, İmam Məhdiyə (ə.c.) qədər olan bütün imamlar qılınc, yaxud zəhərlə şəhadətə yetişmişlər. Həzrət Məhdi (ə.c.) də şəhid olaraq dünyadan gedəcəkdir.

Həzrət Məhdinin (ə.c.) şəhadəti haqqında əlimizdə, Əllamə Yəzdinin «İlzamünnasib» kitabında yazdığı rəvayətdən savayı özgə bir rəvayət yoxdur.

O, yazır: «Həzrət Məhdinin (ə.c.) hökumətindən yetmiş il keçdikdən sonra Bəni-Təmim qəbiləsindən Səidə adlı üzü tüklü bir qadın Həzrət yoldan keçərkən, evin üstündən İmamın başına ağır bir daş atacaq və bu Həzrətin şəhid olmasına bais olacaq. İmam Hüseyn (ə) o Həzrətin qüsl, kəfən və namazını öz öhdəsinə alacaq

Bu mətləb imamların rəvayətlərindən götürülmüşdür. Sonra isə İmam Hüseyn (ə) hökuməti əlinə alacaq. Beləliklə, ondan sonra imamlar ardıcıl şəkildə, rəcət edərək hakimiyyətə gələcəklər.

zi rəvayətlərə görə, Həzrət Məhdinin (ə.c.) vəfatından sonra təkcə İmam Hüseyn (ə) qırx il hökumət edəcək.

Sual 14: Həzrət Məhdinin (ə.c.) qiyamı silahlı mübarizədir?

Cavab: İmam Məhdi (ə.c.) zühur etdikdən sonra onun apardığı mübarizələri bəyan edən bir çox rəvayətlərdən bəlli olur ki, o Həzrət zühur etdikdən sonra ilk mərhələdə İslam Peyğəmbəri (s) kimi, xalqı İslama və özünə beyətə dəvət edəcək. Bu dəvətin müqabilində bir qrup onun əleyhinə qalxan zaman, Həzrət onlarla mübarizə aparacaq və yer üzünü onların xəbis vücudundan təmizləyəcək.

Sual 15: Həzrət Məhdi (ə.c.) ilə görüşənlər.

Qeybəti-süğra dövründə həzrət Məhdi (ə.c.) ilə görüş səadətinə nail olanlar varmı?

Cavab: Qədim alimlərin yazdığına əsasən, bir çox saleh və ləyaqətli insanlar, qeybəti-süğra dövründə müxtəlif hallarda Həzrətin hüzuruna şərəfyab olmuşlar. Bu görüş əhvalatları o qədər çox nəql edilmişdir ki, imam Məhdi (ə.c.) ilə görüşməyin mümkünlüyü haqqında yarana bilən hər hansı bir şək-şübhəyə son qoyur.

Şeyx Müfid kimi böyük alim «İrşad», şeyx Küleyni «Üsuli-Kafi» və Şeyx Hürr Amili «İsbatül-hüdat» kitabında yüzlərlə bu cür əhvalat nəql etmişlər ki, bunların hamısı həzrət Məhdi (ə.c.) ilə görüşməyin mümkün olduğunu bəyan edir. İndi isə, diqqətinizi Həzrətlə görüşən şəxslərin birinə cəlb edirik.

İmam Zamanın (ə.c.) göstərişi ilə xaricdən gələn qadının xilas olması:

Amerikada bir müsəlman tələbə universitet təhsil alırdı. Onun xoş əxlaqına aşiq olan bir amerikalı xristian bir qız onunla evlənmək təklifini irəli sürdü. Tələbə ona cavabında dedi:

–Müqəddəs İslam şəriətində müsəlmanın xristianla evlənməsinə icazə verilmir. İslam dinini qəbul etsən, səninlə evlənməyə razı olaram.

Tələbə İslam kitablarından bir neçəsini o qıza verdi. O, bu kitabları oxumaqla, İslam dinini qəbul edib, tələbə ilə evləndi. Tələbə öz həyat yoldaşı ilə vətənə qayıtdıqda, orada Həcc ziyarətinə ad yazıldığını eşidir. O, həyat yoldaşına Həcc ziyarətinə getmək təklifini edir. Onlar Məkkəyə yolla düşürlər.

Qurban bayramı günü cəmiyyətin izdihamında qadın Minada itdi. Hər nə qədər ərini axtardısa, tapa bilmədi. yorğun və pərişan halda Məkkəyə qayıdıb, sınıq qəlblə Kə`bə evinin kənarında öz-özünə dedi:

«Həyat yoldaşım deyirdi ki, bizim İmam Zamanımız (ə.c.) var. Ey İmam Zaman! Ey pənahsızların pənahı! Əlim ətəyində, məni öz həyat yoldaşıma çatdır.»

Sözü hələ bitməmişdi ki, ərəb qiyafəli bir şəxs ona yaxınlaşıb, soruşdu:

«Nə üçün qəmlisən?.»

Qadın başına gələni ona söylədikdə, o, dedi:

«Heç narahat olma, ərini tapmaq istəyirsənsə, mənimlə gəl.»

Qadın bir qədər getdikdən sonra ərini görərək, sevincindən göz yaşı tökdü, ancaq nə qədər göz gəzdirdisə, həmin ərəbi görə bilmədi. Hadisəni öz yoldaşına danışdı.

Necə də acıdır, xaricdən gələn bir qadın imamla görüş səadətinə nail olsun, biz isə məhrum qalaq? Nə böyük bədbəxtlik!